Siyəzən rayonunda tikinti və abadlıq işləri davam etdirilir.
25 noyabr 2012 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ilin avqust ayında Siyəzən rayonuna səfərindən sonra Siyəzən şəhərində və digər yaşayış məntəqələrində tikinti və abadlıq işləri daha geniş vüsət almışdır. Rayon sakinlərinin daha çox razılığına səbəb olan işlərdən biri də Bakı-Rusiya Federasiyası avtomobil yolunun 103-cü kilometrliyindən Siyəzən şəhərinə giriş yolunun salınmasıdır. Uzunluğu 1,0 kilometr olan, 2 istiqamətli, 4 hərəkət zolağından ibarət olan geniş yol, Bakı və Quba şəhərləri istiqamətindən rayon mərkəzinə giriş və çıxışın daha rahat olmasına şərait yaratmaqdan əlavə həm də yüksək keyfiyyətinə görə seçilir. Belə ki, yola müasir texnikaların köməyi ilə çox hamar asfalt örtüyü verilir, işıqlandırma sistemi qurulur, ətrafı yaşıllaşdırılır. Yolun əvvəlində, geniş dairənin içində şəhərə yaraşıq verən qüllə tikilmiş və 4 saat quruşdırılmışdır. Yolun Bakı-Rostov dəmir yolu ilə kəsişməsində nizamlanan keçid tikilmişdir ki, bu da avtomobillərin daha da təhlükəsiz hərəkətini təmin edir. Hazırda yolda tikinti və ətrafında yaşıllıq salınması işləri davam etdirilir. Yolun tikintisi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 16 avqust 2011-ci il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına aparılır. Görülən işlərlə tanışlıq zamanı rayon sakinləri bütün bunlara görə ölkə başçısına minnətdarlıqlarını bildirməklə, bu inkişafın davamlı olacağına inandıqlarını qeyd etmişlər.