2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə konfrans keçirilmişdir
Bu gün Siyəzən Gənclər Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir. Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gəncliyimizlə qürur duyuruq!” mövzusunda keçirilən konfransda rayonun fəal gəncləri, tələbələr, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Gənclər və idman idarəsinin rəisi Nadir Məmmədov konfrans iştirakçılarını 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edərək bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısı tərəfindən gənclərə göstərilən qayğı, imzalanmış fərmanlar, sərəncamlar, qəbul edilən qanunlar və müxtəlif dövlət proqramları Azərbaycan gəncliyinin inkişafı nın təməlini təşkil edir.
Daha sonra şəhər Siyəzən şəhər 4 saylı tam orta məktəbin müəllimi Zərbalı Yusifov, Rayon Məşğulluq Mərkəzinin işçisi Natavan Məmmədova və Xəzər Universitetinin I kurs tələbəsi Lalə Şirinova çıxış edərək dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri barədə məlumat verdilər. Çıxış edənlər həmçinin qeyd etdilər ki, bu gün gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Gənclərin respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
Siyəzən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elvin Kərimov tədbir iştirakçılarına Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun təbriklərini çatdırdı və qeyd etdi ki, ölkəmizin gələcəyi naminə gənc kadrların yetişdirilməsinə, onların bacarıq və istedadlarının üzə çıxarılmasına xüsusi fikir verilir, əsaslı təhsil islahatı nəticəsində yeniyetmə və gənclərin elmə axını güclənir. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçısının onlara olan etimadlarını doğruldurlar.
Tədbirdə iştirak edən gənclərin təklif və fikirləri dinlənildi və sonda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.