Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir
Bu gün Siyəzən rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Əvvəlcə rayon rəhbərliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilmiş, abidə önünə tər çiçəklər düzülmüşdür. Daha sonra İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov dövlət qulluqçularını təbrik etmiş onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.
Bundan sonra başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova bayram münasibətilə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Daha sonra tədbirdə çıxış edənlər dövlət qulluğunda çalışmağın böyük şərəf və məsuliyyət olduğunu, bu işdə çalışan hər kəsin xalqa sədaqətlə xidmət etməli olduğunu qeyd etdilər.
Dövlət qulluğunda uzun müddət və səmərəli fəaliyyətinə və rayonun sosial-iqtisadi inkişafında fərqləndiyinə görə 4 nəfər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildi.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.