Kəndlərarası yollar təmir edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.
Eyni zamanda bütün ölkə daxili yol təsərrüfatı infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son illər Dövlət proqramları çərçivəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Bu çərçivədə kənd yollarının yenidənqurulması da xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da kənd yollarının tikintisi, yenidənqurulması və əsaslı təmiri işləri davam etməkdədir. Belə ki, artıq bir neçə gündür ki, Bakı - Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolundan rayonun Yenikənd və Tuğay kəndlərinə gedən yolun əsaslı təmirinə başlanılıb. Artıq yolun əsasının bərkidilməsi başa çatdırılmış və hazırda asfaltlama işləri görülür. Yaxın günlərdə təmir işləri tam yekunlaşacaq və rayonun Böyük Həmyə və Balaca Həmyə kəndləri arasındakı yolun asfaltlanmasına başlanılacaqdır. Bununla da 7500 nəfərdən artıq əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin infrasturktur təminatı ilə bağlı daha bir problemi öz həllini tapmış olacaqdır.