Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

31 mart 2018 | 16:00

Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində  31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyinə  həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.  Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova çıxış edərək bildirmişdir ki, tarix boyu  erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə dəfələrlə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər.

Hadisələr zamanı ölkəmizin şəhər və kəndləri xarabalığa çevrilmiş, minlərlə soydaşımız öldürülmüşdür. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir.

Qeyd olunmuşdur ki, bu həqiqət Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Ulu Öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Siyəzən rayon təşkilatının sədri Nəbi Əliyev və Siyəzən şəhər 3 saylı tam orta məktəbin direktor müavini Telman Məmmədov çıxış edərək qeyd etmişlər ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə daşnak erməni silahlı dəstələri mənfur planlarını həyata keçirmişlər. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir. 1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan torpaqlarından qovulmuşdur.

Tədbir iştirakçıları bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulamış və dövlətimizin soyqırımla bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirmişlər.

 

 

Tədbirdən sonra iştirakçılar Quba şəhərindəki “Soyqırım Memorial Kompleksi”ni ziyarət etmək üçün yola düşmüşlər.

Keçidlər