Gənclərlə görüş keçirildi.
Bu gün Siyəzən şəhər Gənclər Mərkəzində gənclərlə görüş keçirilib. Mərkəzdəki Dövlətçilik Muzeyində Gənclər və İdman idarəsi tərəfindən təşkil edilən və 18 Oktyabr - Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir dövlət atributlarının tanıdılması, gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi daşıyırdı.
Tədbirdə Gənclər və İdman idarəsinin rəis müavini Vüsal Alışov, Peşə məktəbinin müəllimi Almaz Hüseynova və şəhər 3 saylı tam orta məktəbin tərbiyəvi işlər üzrə direktor müavini Telman Məmmədov çıxış edərək dövlət atributları haqqında gənclərə ətraflı məlumat veribdilər. Çıxışlarda qeyd olundu ki, Azərbaycan Respublikasının yenidən dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən artıq 26 il keçir. Müstəqil dövlətin varlığını obrazlı dildə ifadə edən mühüm amillər isə onun rəmzləri, yəni bayrağı, gerbi və himnidir. Bundan başqa, dövlətin pul vahidi, həmçinin, təsis edilən orden və medallar da onun atributları hesab olunur. Belə tədbirlər yeniyetmə və gənclərimizdə Vətənə sevgi hissinin formalaşmasında və vətənpərvərlik tərbiyəsi işinin güclənməsində əhəmiyyətli rola malikdir və öz töhfəsini verməkdədir. Belə ki, bu sahədə həyata keçirilən tədbirlər ölkəmizin dövlətçilik maraqlarına xidmət etməklə yanaşı, böyüməkdə olan gənc nəslin vətəndaşlıq hisslərinin formalaşmasında, həmçinin layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Çıxışlardan sonra tədbir iştirakçıları Dövlətçilik Muzeyi ilə tanış oldular.