Rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Bu gün Siyəzən şəhər Mədəniyyət Mərkəzində Siyəzən rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Konfransda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, rayonun məktəb direktorları, qabaqcıl müəllimlər və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzindəki abidəsi ziyarət olunmuşdur. Abidənin önünə tər çiçəklər düzülmüş, Ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir. Sonra konfrans işini Mədəniyyət Mərkəzində davam etdirmişdir. Rayon Təhsil şöbəsinin müdiri Rəfail Hacıyev “2016-2017-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.Ali məktəblərə builki qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu vurğulayan təhsil şöbəsinin müdiri sənəd vermiş 235 məzundan 139 nəfərinin, yəni imtahanda iştirak edənlərin 60 faizinin tələbə adını qazandığını diqqətə çatdırdı. Bundan əlavə, əvvəlki illərin məzunlarından 26 nəfər ali məktəblərə daxil olmuşdur. Qeyd edildi ki, qəbul imtahanlarında məzunlardan 29 nəfəri 500-dən, 11 nəfəri isə 600-dən yuxarı bal toplayıb. İmtahanlarda Siyəzən şəhər 1 saylı tam orta məktəbin məzunu İlkin Ələkbərov 695 bal toplamış, 685 toplayan Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin məzunu Nərgiz Baxşıyeva Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşdür.
Məruzə ətrafında çıxışlar olmuşdur. Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara və bir qrup qabaqcıl müəllimlərə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov konfransda çıxış edərək rayonun təhsil işçilərinin qazandığı nailiyyətlərindən və qarşıda duran vəzifələrdən danışmış, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.