Novruz bayramının gəlişi böyük təntənə ilə qeyd edildi.
Bu gün Siyəzən rayonunda Novruz bayramının gəlişi böyük təntənə ilə qeyd edildi. Siyəzən şəhərinin mərkəzindəki Bayraq meydanında keçirilmiş bayram şənliyində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ziyalılar iştirak edirdilər. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayon idmançılarının çıxışları ilə tanış olmuşdur. Bayram tonqalı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən alovlandırıldı. İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı.
Daha sonra keçirilən bayram şənliyində bayram adətlərinə uyğun olaraq Keçəlin, Kosanın və Bahar qızının ifasında şən, məzəli səhnəciklər göstərildi. Bayram tədbiri rayonumuzun incəsənət ustalarının ifa etdikləri aşıq havaları, nəğmələr və xalq mahnıları ilə davam etdirildi.