Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov Siyəzən rayonunda
Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov bu gün Siyəzən rayonuna gəlmişdir. Əvvəlcə cənab nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etmişdir. Bundan sonra Siyəzən rayonunda Kənd Təsərrüfatı İdarəsi üçün inşa edilmiş yeni inzibati binanın istifadəyə verilməsi münasibəti ilə mərasim keçirilmişdir. Mərasimdə cənab Heydər Əsədov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak etmişlər.
İnzibati binada yaradılan şəraitlə tanış olan tədbir iştirakçıları Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıblar.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son zamanlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışılmış, həmçinin aqrar sahədə reallaşdırılan institutsional islahatlar haqqında məlumat verilmişdir.
Nazir Heydər Əsədov yeni inzibati binada nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən mexanizatorlara sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə maraqlanmış, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşmüşdür.
Tədbirdə Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı və Şabran rayonlarından olan 74 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 2 192 332,0 manat məbləğində 150 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 811 358,40 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 52 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirmiş və sənədlər vətəndaşlara təqdim edilmişdir. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilmişdir.
Tədbirdən sonra Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı və Şabran rayonlarından vətəndaşları qəbul etmişdir.