Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə tədbir keçirilmişdir.

04 mart 2016 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov 5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə  rayonda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimləri, veteran idmançı və məşqçilərlə görüşmüşdür.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov görüş iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdi və bildirdi ki, 5 mart tarixi təqvimimizdə “Bədən tərbiyəsi və idman günü” kimi qeyd olunur.  Belə ki, Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla 5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günü elan edilmişdir.  Dövlətimiz tərəfindən idmanın inkişafının və idmançılara göstərilən qayğının başlıca məqsədi Azərbaycanda sağlam gəncliyin formalaşdırılması, ölkəmizin idman nüfuzunun yüksəldilməsi və beynəlxalq aləmdə daha da tanınmasıdır. Bu gün ölkəmizdə müasir standartlara cavab verən 41 Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi  və idmanın inkişafına dair qəbul edilən dövlət proqramları yeniyetmələrə, gənclərə, eyni zamanda idmançılara göstərilən qayğının parlaq nümunəsidir.

 

 

Daha sonra Gənclər və İdman idarəsinin rəisi ötən dövr ərzində idman sahəsində qazanılan uğurları özündə əks etdirən hesabat məruzəsi ilə çıxış etmişdir.

Siyəzən Rayon Uşaq-Gənclər və İdman Məktəbinin direktoru Yavuz Əliyev öz nitqində qeyd etmişdir ki, rəhbərlik etdiyi təşkilat öz fəaliyyətini rayon Təhsil Şöbəsi və Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş tədirlər planına uyğun  olaraq qurur. Ötən müddət ərzində məktəbimizin bir sıra uğur və müvəffəqiyyətləri olmuşdur. Belə ki, yetirmələrimiz zona və respublika yarışlarında bir sıra uğurlara imza ataraq, qələbələr qazanmışdır.

Sərbəst güləş üzrə məşqçi-müəllim Cavanşir Ağayev çıxışında idmana və idmançılara göstərilən qayğıdan danışaraq bu sahədə görülən işlərin və maddi-texniki bazanın inkişafı istiqamətində dövlət  tərəfindən həyata keçirilmiş tədbirlərin ölkə idmanının beynəlxalq miqyasda uğurlarına yol açdığını qeyd etmişdir. 

Boks üzrə məşqçi-müəllim Şahin Kərimli isə ölkəmizin idman sahəsində beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açaraq bildirdi ki, Azərbaycan medalların sayına və əyarına görə dünyanın aparıcı idman dövlətləri ilə rəqabət aparır. Ölkəmiz bir çox mötəbər beynəlxalq yarışları uğurla təşkil etmiş və gələcəkdə də bu cür tədbirlərin həyata keçirilməsi üçün yüksək etimad qazanmışdır.

 

 

Çıxışlardan sonra rayon idmanının inkişafındakı xidmətlərinə görə bir qrup məşqçi-müəllim və veteran idmançılar mükafatlandırılmışdır. Belə ki, Əsədullayev Oktay, Quliyev Ağamirzə, Kərimli Şahin, Mirzəyev Akif, Zeynəddinov Alik, Məmmədov Abgül, Abdullayev Dəyanət, Aslanov Ağabəy, Əlizadə Sərvət və Baxşıyev Vadim fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildilər.

 

  

Tədbirin sonunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov tədbir iştirakçılarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulamış və bildirmişdir ki, ölkə rəhbəri tərəfindən respublikamızda idmanın kütləviliyinə nail olunması və ölkə idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyatı qurumlar qarşısında xüsusi vəzifələr qoyulub. Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynamışdır. İdmançılar da onlara göstərilən diqqət və qayğını öz əməli işləri doğrultmalıdırlar.

 

Keçidlər