Siyəzəndə əhalinin içməli su təchizatının yaxşılaşdırılmasına başlanılıb
"Azərsu" ASC Siyəzən şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yenidənqurma işlərinə başlayıb. Bu barədə çərşənbə günü şirkətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Səhmdar Cəmiyyətin hazırladığı tədbirlər planına uyğun olaraq "Siyəzən Su-kanal" İdarəsinin balansında olan 1 və 2 saylı, həmçinin Dəmiryolu nasosxanalarında istismar müddətini başa vurmuş nasos və avadanlıqlar yeniləri ilə əvəzlənib.
Bərpa və yenidənqurma tədbirləri çərçivəsində həm 1, həm də 2 saylı nasosxanalarda elektrik avadanlıqları da daxil olmaqla, bir komplekt, dəmiryolu nasosxanasında isə 2 ədəd yeni nasos quraşdırılıb. Bunlarla yanaşı, nasosxanalardan vurulan suyun normal paylanması üçün 159 mm diametrli təzyiqli xətlər çəkilib. Yenidənqurma işləri çərçivəsində 25-dən artıq siyirtmə quraşdırılıb ki, bu da suyun istehlakçılar arasında normal paylanmasına şərait yaradacaq. Bütövlükdə Siyəzən şəhərində görülən işlər su təchizatında qeydə alınan fasilələrin aradan qaldırılmasına və abunəçilərin dayanıqlı içməli su təchizatına imkan verəcəkdır.
Siyəzən şəhərində 1960-cı illərdə qurulmuş nasosxanalardakı qurğu və avadanlıqların əksər hissəsinin isitismar müddəti başa çatıb.