Gənclər Günü qeyd edilmişdir
Bu gün Siyəzən Rayon İcra Hakimyyətində 2 Fevral - Azərbaycan gəncləri günü ilə əlaqədar rayon gənclərinin ümumrayon bayram toplantısı keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov iştirak etmişdir. Ümumilikdə rayon toplantısına təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idarəçilik və idman sahələrində çalışan və fəallığı ilə seçilən gənclər, respublikanın müxtəlif universitetlərində oxuyan tələbələr, idarə rəhbərləri, mətbuat və rayon ictimaiyyətinin nümayəndələri qatılmışdır.
Tədbiri Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov giriş sözü ilə açaraq gəncləri bayram münasibəti ilə təbrik etdi. O, geniş hesabat məruzəsi ilə çıxış edərək rayonda dövlət gənclər siyasətinin əsas istiqamətləri, ötən müddət ərzində rayon gənclərinin inkişafı istiqamətində idarə tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər və gənclərinin qazandığı nailiyyətlər barədə danışmışdır.
Siyəzən şəhər 1 saylı tam orta məktəbin müəllimi Sevinc Mikayılova tədbirdə çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına təsirindən söhbət açdı. Qeyd edilmişdir ki, məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış nəticələr də təsdiqləyir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin və dünyagörüşünün artmasına olduqca müsbət təsir göstərir.
Tədbirdə Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova, 4 saylı tam orta məktəbin müəllimi Tamerlan Qurbanov və Xəzər Universitetinin tələbəsi Ema Niftəliyeva çıxış edərək dövlətimizin gənclərə diqqət və qayğısı barədə danışmış, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Daha sonra ötən bir il ərzində müxtəlif sahələrdə nailiyyətlər qazanmış və ictimai həyatda fəallığı ilə seçilmiş bir qrup gənc, cüdo üzrə Azərbaycan birinciliyinin qalibi Bəsti Səfərova, boks üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı Bəxtiyar Nadirov, sambo üzrə Avropa çempionu Kamran Qasımov, Sərbəst güləş üzrə Beynəlxalq turnirin bürünc mükafatçısı Həzrət Maqsudov və “İstedadların hazırlığı laboratoriyası” III Respublika Olimpiadasının bürünc mükafatçısı Nərgiz Baxşıyeva fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Tədbirin sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış etmişdir. Qeyd edilmişdir ki, gənclərin maariflənməsi və elmi inkişafı, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Rayon İcra Hakimiyyətinin başçısı gəncləri bir daha təbrik edərək onları rayonumuzun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında daha fəal olmağa çağırmış, fəaliyyətlərində uğurlar arzulamışdır.