İstehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilmişdir
İstehlakçıların hüquqlarının müdafiəsi tədbirləri çərçivəsində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə yanvarın 28-də Siyəzən rayonunda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə konfrans keçirilmişdir.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısından bəhs etmiş, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin formalaşdırıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, insanların müxtəlif mallara, xidmətlərə olan tələbatının keyfiyyətcə dəyişməsi, istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsi bu sahədə maarifləndirmə tədbirlərinin önəmini artırır.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işləri diqqətə çatdıran rəis müavini ötən il istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, 2015-ci ildə Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda 30-a yaxın konfrans, dəyirmi masa və seminar keçirilmişdir. İstehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 85 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanmışdır.
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.