Şəhərdaxili yolların təmiri davam edir.
Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə artıq 4 küçədə asfalt verilməsi işləri yekunlaşsa da havaların əlverişli keçməsindən istifadə edilərək Siyəzən şəhərində şəhərdaxili yolların təmiri işləri sürətlə davam etdirilir. Artıq daha bir neçə küçədə - M.Zəkiyev, İ. Qayıbov, H.Aslanov və Alı Mustafayev küçələrində yolların təmiri işləri görülür. M.Zəkiyev küçəsində işlər demək olar ki, yekunlaşmış, ardınca H.Aslanov küçəsində yolun təmiri işlərinə başlanılmışdır. Əvvəlcə küçələrdə yolların yatağı hamarlanaraq bərkidilir, təmizlik işləri görülür və daha sonra asfalt örtük döşənir. İşlərin keyfiyyətli və sürətlə görülməsi rayon rəhbərliyinin ciddi nəzarətindədir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov hər gün görülən işlərlə yerində tanış olmaq üçün həmin küçələrdə olur və müvafiq tapşırıqlar verir. Rayon sakinləri ilə də görüşən başçıya sakinlər abadlıq işlərinə görə minnətdarlıqlarını bildirirlər.