Zarat kəndində növbəti səyyar qəbul keçirilmişdir.
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun Zarat kəndində səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nail olunmuş sosial-iqtisadi inkişaf, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı barədə danışmışdır.
Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində əsasən yeni yaşayış massivinə qaz xəttinin çəkilişi, kənddaxili yolların təmiri, içməli su xətlərinin sıradan çıxmış hissələrinin dəyişdirilməsi və s. məsələlər barədə təklif və xahişlərini çatdırmışlar. Kənd sakinlərindən Zəbulla Xalıqov və Ramilə Hüseynova çıxış edərək kəndin problemlərinin həllinə göstərilən səy və diqqətə görə İcra Hakimiyyətinin başçısına təşəkkür etmişdir. Qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərlərinin həlli ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək ölkə başçısı cənab İlham Əlyevin tapşırığı ilə mütəmadi keçirilən səyyar görüşlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşların problemlərinin həlli istiqamətində səylərin artırılacağını qeyd etmişdir.,