Abadlıq işləri davam etdirilir.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov Siyəzən şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. İcra Hakimiyyətinin başçısı, tapşırığı əsasında M.Füzuli küçəsində əsaslı təmir olunan yolda görülən işlərin keyfiyyəti ilə maraqlanmış, müvafiq tapşırıq və tövsiyələrini vemişdir. Küçənin sakinləri rayonda, o cümlədən, M.Füzuli küçəsində görülmüş abadlıq və quruculuq işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, İcra Hakimiyyətinin başçısına fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar. Sakinlərin şikayət və təkliflərini dinləyən başçı hər bir müraciətin diqqətlə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini, abadlıq və quruculuq işlərinin davamlı olacağını bildirmişdir.
Daha sonra şəhərin M.Şəhriyar küçəsində görülən işlərlə tanış olan başçıya məlumat verilmişdir ki, bu küçədə daha əvvəl başlanmış işlərin davamı kimi yola asfalt örtüyü verilməklə əsaslı təmiri, yeni piyada səkilərinin tikilməsi və işıqlandırma sisteminin qurulması işləri aparılır. Bildirilmişdir ki, həmçinin başçının tapşırığı əsasında M.Şəhriyar və Ş.İ.Xətai küçələrini dəmir yolunu keçməklə birləşdirən, xüsusən payız-qış aylarında sakinlərin hərəkətinin çətin olduğu piyada yolu da genişləndirilərək asfalt verilir.
İcra Hakimiyyətinin başçısı işlərin yüksək keyfiyyətlə və tez bir zamanda görülməsi, yolların ətrafının abadlaşdırılması barədə tapşırıqlar vermişdir.