Latviyalı qonaqlar səfərə gəlmişlər
Bu gün 09 sentyabr 2014-cü il tarixdə Siyəzən rayonundan olan nümayəndə heyətinin Latviya Respublikasının Valmiera şəhərinə səfəri zamanı imzalanmış əməkdaşlıq haqqnda sazişə əsasən həmin şəhərin özünüidarəetmə dumasının bir qrup üzvü - şəhər özünüidarəetmə dumasının sədr müavini Yanis Bayks, icraçı direktor Ayqars Vitols, deputatlar Quntars Ştromberqs, Andris Klepers, Vuqars Etsmanis Siyəzən şəhərinə səfərə gəlmişlər. Qonaqları Siyəzən Rayon İcra Hakimiyyətində salamlayan İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu əməkdaşlıqdan məmnunluğunu bildirmişdir.
Qeyd edilmişdir ki, hazırda ilkin səviyyədə olan əməkdaşlığın gələcəkdə dərinləşdirilməsi sayəsində hər iki şəhərin sakinləri arasında dostluq münasibətlərinin yaradılması, birgə layihələr həyata keçirməklə təcrübə mübadiləsinin aparılması həm Siyəzən, həm də Valmiera şəhərinin inkişafında mühüm rol oynayacaqdır. Qonaqlar səmimi qəbula görə Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmiş və səfərin məhz onların da bu əməkdaşlıqda ciddi marağının təzahürü olduğunu bildirmişlər.
Daha sonra Siyəzən rayonu ilə tanışlıq məqsədilə qonaqlar gəzintiyə çıxmışlar. Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısındakı abidəsi ziyarət edilmişdir. Abidənin önünə tər çiçəklər düzən qonaqlar dahi liderin xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Bundan sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olmuşdur. Qonaqlara Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verilmişdir. Mərkəzlə tanışlıqdan sonra nümayəndə heyəti Bayraq Meydanı və Gənclər Mərkəzində olmuşlar.
Şəhərlə tanışlıq zamanı qonaqlar Şəhidlər Xiyabanını da ziyarət etmişlər. Ölkəmizin ərazi bütüvlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla yad edilmişdir.
Nümayəndə heyətinə şəhərdə aparılan abadlıq və quruculuq işləri haqqında geniş məlumat verilmişdir.
Şəhərlə tanışlıqdan sonra qonaqlar Böyük Həmyə kəndində yerləşən “Caspian Coast Winery & Vineyards” MMC və Beşdam kəndində yerləşən “Siyəzən-Broyler” ASC-də olmuşlar. Hər iki müəssisədə qonaqlara istehsalat prosesi və məhsullar haqqında məlumat verilmişdir.
Bununla da Latviyalı qonaqların Siyəzən rayonuna səfəri yekunlaşmışdır. Rayonumuzla tanışlıqdan məmnunluq ifadə edən qonaqlar gələcəkdə əməkdaşlıq çərçivəsində bu cür qarşılıqlı səfərlərin davam etdirilməsi və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını qeyd etmişlər.
Günün sonunda nümayəndə heyəti Quba şəhərindəki soyqırım qurbanları abidəsini ziyarət etmək üçün yola salınmışlar.