Şriftin ölçüsü :

Saytın rəngi :

DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN RƏHBƏRLİYİ SİYƏZƏN ŞƏHƏRİNDƏ REGİONAL QƏBUL KEÇİRMİŞDİR

10 oktyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov Siyəzən şəhərində vətəndaşların qəbulunu keçirmişdir.
10 oktyabr 2014-cü il tarixində keçirilən qəbulda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov Siyəzən rayonu ilə yanaşı, qəbul cədvəlinə uyğun olaraq Xızı və Şabran rayonlarının vətəndaşlarını da qəbul etmiş, onların şikayət və təkliflərini dinləmişdir.

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qusurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, kənd, qəsəbə keçmiş XDS İK-nin və ya sonradan ərazi nümayəndəliyinin qərarları ilə həyətyanı, fərdi yaşayış evi və s. məqsədlərlə ayrılmış torpaq sahələrinə dair plan və ölçü sənədləri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər etmişlər.

  

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 30-a qədər vətəndaşın müraciətinə baxılmışdır. Müraciətlərdə qaldırılan məsələlərin həllı bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerqurluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılmışdır. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınmış və Komitənin müvafiq məktubları ilə aidiyyatı qurumlara göndəriləcəkdir. Bu barədə həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədi ilə Komitənin aidiyyatı rayon və şəhər şöbələrinin müdirlərinə də müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər