Yeni məktəb binaları istifadəyə verilmişdir
Bu gün keçirilən “İlk zəng” günü rayonumuzun Beşdam və Böyük Həmyə kəndlərinin sakinləri, pedoqoji kollektiv və şagirdlər üçün ikiqat bayram olmuşdur. Onlar bu tədris ilini yeni məktəb binasında qarşılamışlar. Hər iki məktəbin açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, iştirak etmişdir.
Əvvəlcə rayonun Beşdam kəndində keçirilən tədbirdə məlumat verilmişdir ki, yeni inşa olunmuş müasir standartlara cavab verən, 80 şagird yerlik məktəb binasında idman zalı, kitabxana, kompyuter otağı istifadəyə verilmişdir. Məktəb bütün lazımi avadanlıqlar və tədris vəsaitləri ilə təmin olunmuşdur.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov kənd sakinlərini yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, müəllim və şagirdlərə tədrisdə uğurlar arzulamış, dövlətimizin təhsilə qayğısı, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə böyük diqqəti barədə danışaraq şagirdlərə təhsildə uğur əldə etməyi, ölkəmizin gələcəyi naminə savadlı vətəndaşlar kimi yetişməyi tövsiyə etmişdir.
Tədbirdə çıxış edən kənd sakinləri və müəllimlər böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Məktəbin açılışını bildirən lent kəsilmiş, qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.
Məktəbdə ilk dərs vətənpərvərlik mövzusuna həsr edilmişdir.
Bundan sonra rayonun Böyük Həmyə kəndində də 180 şagird yerlik məktəb binasının açılışı olmuşdur.