Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayon müəllimlərinin sentyabr konfransı keçirilmişdir

03 sentyabr 2014 | 15:00

03  sentyabr  2014-cü  il  tarixdə   Siyəzən  rayon  müəllimlərinin  ənənəvi   sentyabr  konfransı  keçirilmişdir.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfransda  “2013-2014-cü  dərs  ilinin  yekunları  və  qarşıda  duran  vəzifələr”   mövzusunda  məsələ  müzakirə  edilmişdir.  Rayon  Təhsil  şöbəsinin  müdiri    Rəfail  Hacıyev  geniş  məruzə  ilə  çıxış  etmişdir.   O  qeyd  etmişdir  ki,  əsası  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  qoyulmuş  və  möhtərəm  Prezidentimiz  cənab  İlham  Əliyev  tərəfindən  davam  etdirilən  təhsil  islahatı  bütün  respublikamızda  olduğu  kimi  Siyəzən  rayonunda  da  uğurla  davam  etdirilir.  2013-2014-cü  dərs  ilində   Siyəzən  rayonunun  ümumtəhsil  məktəblərində  5681  nəfər  şagird  təhsil  almışdır,  onların  təlim-tərbiyəsi  ilə  712  nəfər  müəllim  məşğul  olmuşdur.  2014-cü  ildə  10  nəfər  gənc  müəllim  Təhsil  Nazirliyində  imtahan  verərək   rayonun   müxtəlif  məktəblərində  öz  ixtisasları  üzrə  işləmək  hüququ  qazanmışdır. 

Konfransda   buraxılış  və  qəbul  imtahanlarının  nəticələri  haqqında  geniş  müqayisəli  məlumat  verilmişdir.   Qeyd  olunmuşdur  ki,   buraxılış   imtahanlarının  nəticəsindən  asılı  olmayaraq Prezidentin  göstərişi  ilə  bütün  IX  və  XI  sinif  məzunlarına   təhsil  sənədləri  -   ümumi  orta  təhsil  haqqında  şəhadətnamə  və  tam orta  təhsil  haqqında  attestat  verilmişdir.   XI  sinfi   bitirmiş  365  nəfər  məzundan   249  nəfəri  qəbul  imtahanlarında  iştirak  etmişdir.  Onlardan 114 nəfər  ali  məktəblərə  daxil  olmuşdur.  Bundan  əlavə  3 nəfər  hərbi  yönümlü  ali  təhsil  ocaqlarının,  2  nəfər  isə  xarici  ölkələrin  ali  məktəblərinin  tələbələriolmuşlar. Əvvəlki  illərin  məzunlarından  17  nəfər  də  tələbəlik  sevinci yaşayırlar. Tələbə  adını  qazanmış  məzunlardan  25 nəfər  500-dən  artıq  bal  toplamışdır.  Onlardan  8 nəfəri - Siyəzən  şəhər  1  saylı  tam  orta  məktəbin  şagirdləri Nərgiz Siltanova 667  bal,  Əliyar Heydərov 647  bal,  Aqşin Babayev 634 bal, Siyəzən  şəhər  2  saylı  tam  orta  məktəbin  şagird Mirzəcan Sultanov 642  bal, Siyəzən  şəhər  3  saylı  tam  orta  məktəbin  şagirdləri Dünya Niftəliyeva 605 bal, Fərəh Əzizova  602 bal,  Siyəzən  şəhər  4  saylı  tam  orta  məktəbin  şagirdi Hikmət Həmdullayev 611bal və  Zarat kənd tam orta  məktəbin şagirdi 635 bal toplayaraq yüksək  göstəriciyə  nail  olmuşlar.  Konfransda  həmin   məzunlara  Fəxrı  Fərman   və  pul  mükafatları  verilmişdir.   5  müəllimə  də   Fəxrı  Fərman   təqdim  olunmuşdur.         

Qeyd  olunmuşdur ki, son 10 ildə  12  məktəb üçün yeni  binalar tikilmişdir. Yeni  dərs  ilində  daha 2 binanın  -  Böyük Həmyə  kənd tam və Beşdam kənd ümumi orta məktəblərinin  binalarının açılışı  olacaqdır.

Konfransda   Siyəzən  şəhər  1  sayli   tam  orta  məktəbin  direktoru  Nəcməddin  Mürvətov, Siyəzən  şəhər  6  sayli   tam  orta  məktəbin  direktor müavini Xalidə Fərzəliyeva, gənc müəllim Ülviyyə  Muradova  çıxış  etmişlər.       

Konfransda   iştirak   edən  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  nümayəndəsi  Əsgər Quliyev  hazırda   nazirlik  sistemində  olan   struktur  dəyişiklikləri,  qəbul  imtahanlarının  gələcəkdə  aparılması  qaydalarında  mümkün  ola  biləcək  yeniliklər,   hesabatların  yeni  qəbulu  sistemi   və bir  sıra  digər  məsələlər  haqqında  geniş  məlumat  vermişdir.

Siyəzən  Rayon  Icra  Hakimiyyətinin  başçısı   cənab  Arif  Qasımov  rayon  müəllimlərini  yeni  dərs  ili  münasibəti  ilə  təbrik  edərək  bildirmişdir  ki,  müəllimlərə,  xüsusilə  gənc  müəllimlərə  hər  cür   qayğı  göstərmək  hər bir  aidiyyəti   şəxsin  borcudur.  O  həm  gənc  müəllimlərə, həm  də ehtiyacı  olan  tələbə  və  şagirdlərə  daim  diqqət  göstəriləcəyini  qeyd  etmişdir.

Konfrans  iştirakçıları  adından  Respublika  Prezidenti  cənab  İlham  Əliyevə  müraciət  qəbul  edilmişdir.

Keçidlər