Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Müşfiqin xatirəsi yad edilmişdir

08 iyun 2019 | 16:00

8 iyun 2019-cu il tarixdə Siyəzən Gənclər Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Siyəzən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə IX Şairlər Gününün qeyd olunması ilə bağlı görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Mikayıl Müşfiqin Siyəzən şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, nakam şairin xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov qonaqları salamlayaraq qeyd etmişdir ki, bu kimi tədbirlər dövlətimizin elm, ədəbiyyat, incəsənət xadimlərinə böyük diqqətinin təzahürüdür. İcra Hakimiyyətinin başçısı böyük şairin Azərbaycan ədəbiyyatındakı rolu, yaratdığı sənət inciləri barədə danışmış, onun əsərlərin həmişəyaşar olduğunu qeyd etmişdir.

Daha sonra söz Şairlər Günü layihəsinin rəhbəri, şair Xəyal Rzaya verilmiş və o, layihə çərçivəsində Azərbaycanın ən görkəmli şairlərinin xatirələri daim yaşatmaq üçün gördükləri və görəcəkləri işlərdən danışaraq, Mikayıl Müşfiqin nəinki Azərbaycanda, bütün türk dünyasında nə qədər çox sevildiyini vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Rəşad Məcidə Mikayıl Müşfiq poeziyasının böyüklüyü, onun lirik əsərlərinin incəlikləri barədə danışmışdır.

Daha sonra çıxış edən  Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) başqanı, şair Mehmet Nuri Parmaksız Azərbaycan poeziyasının gözəlliyindən və ən sevdiyi şair olan Mikayıl Müşfiqin yaradıcılığından danışararaq onun şeirlərinin eyni zamanda Azərbaycan xalqının azadlıq arzusunu ifadə etdiyini bildirmişdir.

Tədbirdə Cabir Novruz Mədəniyyət Fondunun vitse-prezidenti, şair Nəcməddin Mürvətov, rayon sakini, şair Çingiz Əliyev Mikayıl Müşfiqə həsr olunmuş şeirlərini, şairə Aybəniz Əliyar Müşfiqin dilindən yazdığı elegiyanı söyləmişdir.

Cabir Novruz Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanov tədbirin keçirilməsi üçün yaradılmış şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonda Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmiş, tədbirə Mikayıl Müşfiqin həyat və yaracılığından bəhs edən filmin nümayişi ilə yekun vurulmuşdur.

  

  

  

  

  

  

  

Keçidlər