Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının gənclərlə görüşü keçirilmişdir.

22 noyabr 2012 | 16:00

21 noyabr 2012-ci il tarixdə Siyəzən Rayonu İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi ilə əlaqədar Siyəzən rayon təşkilatının fəal gənclərlə görüşü keçirildi. Görüşdə Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov iştirak etmişdir.
Tədbiri YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açdı. Qeyd edildi ki, bu gün respublikamız sürətlə inkişaf edir və hər bir sahədə yüksək fəallıq müşahidə olunur. Bütün görülən işlərdə gənclərin böyük aktivliyi vurğulandı və bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə gəncliyinin inkişafı dəstəklənir və bununla bağlı vacib tədbirlərin həyata keçirilməsi üçün mühüm qərarlar qəbul olunur. Bu gün bütün dünyada gənclərin ən çox maraq göstərdikləri sosial şəbəkələrlə bağlı öz fikirlərini tədbir iştiakçıları ilə bölüşən Etibar Heydərov onu da vurğuladı ki, partiya üzvü olan gənclər də bu şəbəkələrdə fəal iştirak edirlər, müzakirələrə qatılırlar. Bildirildi ki, müxalifət partiyalarının nəzarətində olan bir qrup gənc, onların populist çıxışlarına uyaraq, sosial şəbəkələrdə təxribatçı çağırışlarla çıxışlar edirlər. Lakin Azərbaycanın sağlam fikirli gəncləri heç vaxt bu mənasız çağırışlara cavab vermir və bu lazımsız ideya sahiblərini dəstəkləmirlər.
Daha sonra Etibar Heydərov bildirdi ki, rayonumuzun da gəncləri bu işlərdə aktiv olmalı və sosial şəbəkələrdən istifadə edərək, Prezidentimizin həyata keçirdiyi siyasət, görülən işlər, uğurlar və qarşıda duran vəzifələrlə bağlı fikirləri dünyaya çatdırmalıdırlar.
Daha sonra YAP Siyəzən Rayon Təşkilatının Gənclər Birliyinin sədri Rəşad Rəhmanov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının əsas tərkib hissəsini minlərlə sağlam fikirli, çalışqan gənclər təşkil edir. YAP nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. YAP Siyəzən rayon təşkilatında 900-dən artıq gənc partiya üzvü vardır ki, onların 65%-ini ali təhsilli gənclər təşkil edir. Qeyd olundu ki, bu gün hər bir Azərbaycan gənci ölkəmizin inkişafı naminə bütün imkanlarından istifadə etməlidir.
Rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev öz çıxışında qeyd etdi ki, məhz yeni dövrdə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yürüdülən bu siyasətin real nəticəsidir ki, Azərbaycan gəncliyi özünün ən xoşbəxt çağlarını yaşayır. Azərbaycan gənclərinin səsi dünyanın ən nüfuzlu universitetlərindən, mötəbər elm yarışlarından, simpoziumlardan, idman arenalarından eşidilir. Gənclər dövlət qurumlarının ən yüksək məqamlarında yer alıb, onlara dövlət idarəçiliyi sahəsində ciddi etimad göstərilir. Gənclərin şəxsi biznes maraqları prinsipial olaraq qorunur. Ölkə Prezidenti tərəfindən 2012-ci ilin “İdman İli” elan olunması biz gənclər üçün çox sevindirici bir haldır. Azərbaycan gəncliyi Avropa Gənclər Forumunun üzvüdür, İslam Konfransı Təşkilatının gənclər strukturları ilə sıx əməkdaşlıq edirlər. O, çıxışında Siyəzən gənclərinin 2013-cü ildə keçiriləcək Prezident seçkilərində ölkə başçısını vahid namizəd kimi dəstəklədiyini və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini qeyd etdi.
Daha sonra Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək bildirdi ki, YAP ölkənin avanqard qüvvəsinə çevrilməklə yanaşı, beynəlxalq aləmdə də nüfuzlu siyasi təşkilat statusunu qazanıb. Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə qədəm qoyub. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.
YAP-ın təşkilati və ideoloji baxımdan formalaşması, öz fəaliyyətini sivil dəyərlərə uyğun qurması, zaman-zaman yeniləşməsi, təşkilat daxilindəki monolitliyin, sağlam atmosferin qorunması, bu quruma əqidəli insanların gəlişini Ulu Öndər daim diqqət mərkəzində saxlayırdı. Partiyada gənclərə qayğı, bu təşkilatda təmsil olunan qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakına şərait yaradılması, siyasi tələbkarlıq, fəallıq, prinsipiallıq, ölkəmizdə gedən proseslərə vətəndaşlıq mövqeyindən çevik reaksiya verilməsi Ulu Öndər Heydər Əliyevin partiya üzvləri qarşısında qoyduğu ən əsas vəzifələrdən idi. Bu gün partiyamızın sədri, hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxması, regionda lider dövlət kimi mövqeyinin daim möhkəmləndirilməsi, iqtisadi qüdrətinin artırılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması yolunda atdığı addımlar bütün xalqımızın ürəyincədir və birmənalı şəkildə dəstəklənir. Yeni Azərbaycan Partiyasının ölkənin inkişafında xidmətləri göz önündədir. Azərbaycanın hər bir guşəsi inkişaf edir, gözəlləşir, müasirləşir.
Çıxışının sonunda İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov rayon gənclərini bir daha Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə təbrik etdi, onları ictimai-siyasi proseslərdə aktiv olmağa, ölkəmizin inkişafı naminə görülən hər bir işdə yaxından iştirak etməyə çağırdı və onlara uğrlar arzuladı.

 

Keçidlər