Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidmətinin təqdimatı keçirilib

03 dekabr 2018 | 16:00

Bu gün Siyəzən şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən və Şabran rayonları  üzrə “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidmətinin təqdimatı olub. Tədbirdə özəl bölmənin təmsilçiləri ilə yanaşı “KOB könüllüləri” və aidiyyəti yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. Qeyd edilib ki, dövlət başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahənin inkişafına göstərilən mühüm dəstək tədbirlərindəndir. Agentlik tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, onlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün “KOB Evi”, “KOB Dostu”, “KOB könüllüləri” və s. kimi yeni mexanizmlər tətbiq olunacaq. Agentliyin əsas məqsədinin kiçik və orta sahibkarların dostuna çevrilmək olduğunu vurğulayan Orxan Məmmədov bu baxımdan Siyəzən rayonunda yaradılmış “KOB Dostu”nun önəmli mexanizmlərdən olduğunu diqqətə çatdırıb, Agentliyin fəaliyyət istiqamətləri, “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər barədə geniş məlumat verib. Bildirilib ki, “KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönəldiləcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq.

“KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. “KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək. 

Məlumat verilib ki, mərkəzdə “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, mərkəz texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, eləcə də zəruri maarifləndirici məlumatlarla təmin olunub. “KOB Dostu” mərkəzində fəaliyyət göstərəcək “KOB könüllüləri” mərkəzə müraciət edən sahibkarlara operativ şəkildə yardımçı olacaq, onlara texniki və s. dəstək göstərəcək. Siyəzən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar “KOB Dostu”nun xidmətlərindən istifadə edə biləcəklər.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyev çıxışında “KOB Dostu”nun Siyəzəndə fəaliyyətə başlamasından məmnunluğunu bildirərək bunun regionun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə,  sənaye potensialının uğurla reallaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

“KOB Dostu” mərkəzi ilə tanış olan sahibkarlar mərkəzin Siyəzən rayonunda fəaliyyətə başlamasından məmnunluqlarını ifadə edərək, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını qeyd edib, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə, tətbiq olunan yeni dəstək mexanizmlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

   

  

  

 

Keçidlər